«Bəli, Elşad Abdullayev, bunu sən çox doğru deyirsən, 2009-cu ildə sən mənə acığını oğlumdan çıxırdın. Lap o dediyin 37-ci illərdəki kimi»
Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev keçmiş MTN müstəntiqi Ramin Nağıyevə yazdığı cavab məktubunda «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin də adını çəkib, onu «adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin» üzvü olmaqda ittiham edib.
Baş redaktor Azpolitika.info-ya göndərdiyi məktubda Elşad Abdullayevin bu ittihamını cavablandırıb, onun özünə qarşı ittihamlar irəli sürüb.
Məktubu ixtisarla dərc edirik.
«2008-ci ildə «Təzadlar»da ABU barədə yazı dərc olundu. Hər şey bundan sonra başladı. Bu yazı E.Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayev haqqında idi. Lakin nədənsə Mahir Abdullayevin 2003-cü ildən itkin düşməsi, hələ də Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarılıb tapılmaması və s. barədə səmimi istəklərlə yazılmış bu yazı E.Abdullayevi hövsələdən çıxardı. Bir adamın adi bir əşyası itəndə qonum-qonşu ona təsəlli verir, ora-bura səs salırlar ki, tapılsın. Bu adamın qardaşı yoxa çıxıb və biz yazırıq ki, dövlətin hüquq-mühafizə orqanları Mahiri niyə axtarmırlar. Burada pis nə var? Bizə «çoxsağol»udurmu? Onun düşüncəsinə görə, biz bu yazı ilə «arı pətəyinə çöp uzatmışıq», bu cinayətdir, Mahir Abdullayevin yerini bilib deməməkdir, adam oğurluğu ilə məşğul olan cinayətkar qrupla iş birliyində olmaqdır və s.
Həmin yazı dərc edilən gün E.Abdullayevin dekanı olan Bəxtiyar Məmmədov redaksiyaya gəldi və onun adından dedi ki, bəs Elşad müəllim səndən inciyib». Soruşdum ki, niyə? Dedi ki, bu yazıya görə. Mən ona izah etdim ki, axı, biz bunu xoş niyyətlə dərc etmişik. Hətta ona izah da etdim ki, məndən Elşad müəllimə salam de, biz düşünmüşük ki, o, məmurdur, yəqin hakimiyyət qarşısında qardaşının tapılması üçün ciddi tələb irəli sürə bilmir, çəkinir, bu yazı ona bəhanə ola bilər. Biz haradan bilək ki, o, bütün prosesin içində imiş, sən demə, kimlərə pullar verirmiş ki, qardaşını qaytarsınlar və s. Hamının da səsini yazıb, gizli kamera ilə çəkirmiş. Azərbaycan ictimaiyyəti bundan onun Fransada Ramin Nağıyevlə görüşündən sonra xəbər tutdu.
Beləliklə, Bəxtiyar Məmmədovun məndən son xahişi bu oldu ki, E.Abdullayev deyir ki, bu mövzunu qapatsın, Mahirin adını çəkməsin, onun bilmədiyi bəzi şeylər var və s.
Mən onun xahişinə əməl etdim. Bir həftə keçdi, hüquqşünas dostlarımızdan biri mənə zəng edib dedi ki, «Müasir Müsavat» qəzetini oxu, Elşad Abdullayev səndən yazdırıb. Şoka düşdüm! Ömrümdə ilk dəfə həmin qəzeti alıb oxudum, məlum oldu ki, E.Abdullayev mənim barəmdə, indi Ramin Nağıyevə yazdıqlarını yazdırıb. Məsələn, o, Şamaxının Kirovka kəndində mənimlə qonşudur, birmərtəbəli bağ evimin şəklini çəkdirib və yazdırıb ki, guya bu evi mənə Rəsul Quliyev bağışlayıb, mən qoyun sürüsü saxlatdırıram və s. Bir sözlə, hüquq elmləri doktoruna yaraşmayan ifadələr və şantajlar. Hansı ki, həmin kənddə özünün 3 mərtəbəli villası var və başa düşmür ki, onun bu evini çəkib qəzetdə vermək əslində, elə mənim peşəmdir. Amma mən onun səviyyəsinə enə bilməzdim. Dərhal Bəxtiyar Məmmədova zəng etdim ki, o xahişiniz nədir, bu yazılar nə? Açığı, o da Elşad Abdullayevin bu hərəkətinə qəzəbləndiyini və artıq ABU-dan işdən çıxdığını, Türkiyəyə getdiyini bildirdi. Bundan sonra «Müasir Müsavat» qəzetində həmin məzmunlu yazı təkrarlanmağa başladı. Mən artıq məcbur olub ABU barədə araşdırma yazıları dərc etdim. Qısaca onu deyim ki, bu yazılardan sonra E.Abdullayevin xahişinə özünün professorları, müəllimləri, həmçinin onun özünün müəllim işlədiyi BDU-dakı dostları minnətə gəlirdilər. Hamısı da deyirdi ki, siz düzsünüz, amma... Hamısına da deyirdim ki, siz də ona deyin şantaj yazılarını dayandırsın. Əslində, onun bu yazılarının mənə heç bir dəxli də yox idi, mənasız cızma-qaralar idi, amma söhbət onun hərəkətindən gedirdi. O, özünü daşıdığı professor adına uyğun aparmırdı.
Sonra o, bizdən Mətbuat Şurasına şikayət etdi, barışıq istədi. Razılaşdıq. MŞ bizi barışdırdı, bu barədə MŞ-ın rəsmi məlumatı APA vasitəsilə yayıldı, bunu «Təzadlar»da da dərc etməyi öhdəmizə qoydular. Bunu da etdik.
Üstündən on gün keçmiş Yasamal Rayon Məhkəməsindən bizə çağırış gəldi. Məlum oldu ki, o, məni və bizdə müsahibəsi dərc olunmuş Zümrüd Məmmədovanı xüsusi ittiham qaydasında məhkəməyə verib. Hakim Abbas Rzayevin icraatında olan iş üzrə məhkəmə 8 ay davam etdi. Təsəvvür edin, bizdə dərc olunmuş məqalələrin heç birində nə təhqir var idi, nə də böhtan. Yalan informasiya da yox idi. Hamısı E.Abdullayevin ABU-nun Moskva filialına pul alıb qəbul etdirdiyi tələbələri guya bir ildən sonra Bakıya - ABU-ya köçürdüyünü təsdiqləyən sənədlər idi, sonra isə ya diplom ala bilməyən, ya da müəyyən yollarla diplom alan, amma hərbi xidməti 1 il deyil, 1 il 6 ay etməyə məcbur olan məzunların valideynlərinin şikayəti əsasında dərc olunmuşdu. Hətta həmin dövrdə biz araşdırma ilə aşkar etmişdik ki, ABU-nun Dubayda da filialı var. Həmin filial barədə yazı dərc olunandan sonra filialın direktoru Bakıya gəldi və redaksiyamızda olub yalvarırdı ki, bir də onun adını çəkməyək. Bunu da etdik... Bizdə bu gün də sənədlər var ki, E.Abdullayev «perevod» edilən yüzlərlə tələbədən aldığı pul siyahısının qarşısından əl xətti ilə hər tələbəyə aid məbləği yazıb, altında da özünün imzası və möhürü var. Korrupsiya İdarəsinin malıdır! Onun ABU-dan Moskva filialına guya Moskvada Aygün Kazımovanın konsertinə maliyyə dəstəyi adı altında köçürdüyü pulların köçürmə, qaimə sənədləri də redaksiyamızda hələ də saxlanılır.
Belə misalları çox çəkə bilərəm. Ədalət naminə deyim ki, hakim A.Rzayev məhkəməyə dəstə-dəstə gələn «professor»lara deyirdi ki, bu işdə heç bir ittiham yoxdur, bura gəlməkdənsə, gedin onları barışdırın. Amma onlar özlərini bizə qarşı düşmən kimi aparırdılar. Bir sözlə, sonradan A.Rzayev E.Abdullayevdən canını qurtarmaq üçün məzuniyyətə çıxdı, işi hakim Tahir İsmayılova verdilər. Məhkəmə istintaqı davam etdi. Bu arada E.Abdullayevin qayınatası H.Əhmədov başda olmaqla bir qrup insanların, əsasən də ABU-nun müəllimlərinin qəzetlərdə müraciəti çıxdı. Həmin müraciətlərdə (necə ki, indi azpolitika.info-da yazır ki, «Yeni Müsavat» qəzeti Ramin Nağıyevin «Azadlıq»dakı yazısının əksinə dərc edilən hər yazıya görə 5 min manat pul alıb, cəmi 50 min manat!) o vaxt da yazırdılar ki, guya «Təzadlar» qəzeti hər elə yazıya görə Hacı Məmmədovun adamlarından 10 min dollar pul alıb, guya mən adam oğurluğu ilə məşğul olan qrupun üzvüyəm və s. Mən həmin dövrdə bu müraciət dərc edilən KİV-i və o cümlədən həmin yazıda imzası olan E.Abdullayevin qayınatası Hüseyn Əhmədovu, şair Ənvər Əhmədi, ABU-nun müəllimi Fazil Nəsibovu və E.Abdullayevin qardaşı İsmayıl Abdullayevi məhkəməyə verdim. Xüsusi ittiham qaydasında verilmiş şikayət Yasamal rayon Məhkəməsinin hakimi Xəqani Tağıyevin icraatına verildi. Hakim işi icraata qəbul etməyə dair qərar qəbul etdi. Bundan sonra E.Abdullayev narahat olmağa başladı. İlk təklif E.Abdullayevdən gəldi. Görüş istədi. Mən və qəzetimizin əməkdaşı Elçin Məmmədli E.Abdullayevin N.Nərimanovun heykəlinin yanındakı ofisində görüşdük. Onun ilk sözü bu oldu ki, «mənim qaynatamı məhkəməyə vermisən, ağsaqqal adamdı, özü də qaynanam Ağdamdandır, ağdamlılar sənə pis baxar, ərizəni geri götür...» və s. Qısaca deyim ki, onunla kişiyana razılığa əsasən qəzetdə əvvəlcə ABU barədə Novruz bayramı reklamı dərc olundu, ardınca isə E.Abdullayevin qaynatası Hüseyn Əhmədovla (ABU-nun birinci prorektoru idi) müsahibə, sonra Mahir Abdullayevin bir kitabı haqqında yazı və s. Bu, təxminən martın sonlarına təsadüf edirdi. Qarşı tərəfin təkidi və kişi sözü verdiyimə görə hakim X.Tağıyevin icraatında olan iş üzrə şikayətimdən imtina barədə ərizə yazdım, onlar da hakim Tahir İsmayılovun icraatında olan iş üzrə ərizə yazmağa söz verdilər. Amma aprelin 4-də yazılmalı ərizə məhkəməyə təqdim olunmadı. Aprelin 7-də isə yenə də həmin hərəkət təkrarlandı və hakim Tahir İsmayılov məhkəmə zalından məni həbs edərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etdi. Zümrüd Məmmədovaya isə 1 il şərti cəza verildi. Məni Bayıl istintaq təcridxanasına apardılar. Bu həbs qanunsuz sayıldı, böyük ictimai narazılıqla qarşılandı, hətta həmin gün Azərbaycanda olan ATƏT nümayəndələri Prezident İlham Əliyevlə görüşəndə bu qanunsuz həbs barədə dövlət başçısına mövqelərini bildirmişdilər. Ombudsman, Mətbuat Şurası, Azərbaycandakı bütün jurnalist təşkilatları, ictimai-siyasi qurum rəhbərləri, hətta Müxalifət Partiyalarının Koordinasiya Şurası bəyanat verərək birmənalı olaraq həbsimi pisləmişdilər. Prezident bu həbsə sərt reaksiya verdi. Bir gün sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə mən həbsdən azad edildim.
Təsəvvür edin, E.Abdullayev Prezidentin bu addımının üstündən nə etdi: o, istədiyinin baş tutmadığını görüb qəzəbləndi, baxmayaraq ki, məni də aldadıb şikayətimdən imtina barədə ərizə yazdırmışdı. Guya mənə quyu qazırdı, amma bu quyuya özü düşdü! Və sonra mənə, belə demək mümkünsə, gücü çatmadığı üçün başqa çirkin yola əl atdı. Oğlum BDU-nun hüquq fakültəsində oxuyurdu və təsadüfən E.Abdullayev bir il ona dərs deməli olmuşdu. Sessiya imtahanında uşağa eşitdirmişdi ki, bilirsən də sən kimin oğlusan? Uşaq da demişdi ki, hər halda «Kapital» əsərini yazmış Karl Marksın oğlu deyiləm... Sonra uşağa başqa fənnlərdən dərc deyən müəllimlərə bir-bir tapşırmışdı ki, Asif Mərzilinin oğluna «2» yazın. Amma həmin müəllimlər ona nə cavab vermişdilər, Elşad Abdullayev bunu yaxşı bilir.
Yeri gəlmişkən, indi Ramin Nağıyevə cavabında deyir ki, «indi 37-ci il deyil!» Bəli, Elşad Abdullayev, bunu sən çox doğru deyirsən, 2009-cu ildə sən mənə acığını oğlumdan çıxırdın. Lap o dediyin 37-ci illərdəki kimi.
İndi bütün başına gələnlərin günahını məndə görür. Axı, mən ona sonuncu görüşümüzdə də xatırlatmışdım ki, mən həbsdən qorxmuram, amma yadında saxla ki, bu quyunu sənə qazdıranlar elə olmasın ki, ora özünü salsınlar. Saldılar da! O, yenə də heç bir ağsaqqalın sözünü eşitmədi, bildiyini və istədiyini etdi.
Mən E.Abdullayevin qardaşı Mahirlə bir jurnalist kimi yaxın olmuşam. Hətta bir neçə xahişi olub, kömək etmişəm, problemi var idi, onu da yoluna qoymaqda əlimdən gələni etmişəm... Digər qardaşları - prokurorluqda çalışan Elsevər Abdullayevə, Eldəniz Abdullayevə və vergi sistemində çalışan İsmayıl Abdullayevə böyük hörmətim var. O cümlədən qaynatası, akademik H.Əhmədova və qayınlarına. Amma neyləyək ki, bu adam adına yaraşmayan işlər görürdü və indi də görür.
E.Abdullayev məsuliyyətini bilmədən, əlində heç bir hüquqi əsas olmadan R.Nağıyevə yazdığı məktubunda «Mən tam ciddiyyətilə təsdiq edirəm ki, «Təzadlar» qəzetinin baş redaktoru reket jurnalist Asif Mərzili Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvüdür», - yazır.
Elşad Abdullayev, məni adam oğurluğu ilə məşğul olan dəstənin üzvü hesab edirsən. Doğrudanmı, sən belə yalanlarına və şantajlarına özün də inanırsan? Yaxud, kiminsə buna inanacağına inanırsan? Əgər qardaşın M.Abdullayevin yerini mən bilirəmsə, bəs onda MTN nədən ötrüdür? Hansı ki, M.Abdullayev bu nüfuzlu dövlət qurumunun əməkdaşı idi. Hansı ki, həmin dövrdə «Təzadlar» M.Abdullayevin itkin düşməsi və axtarılıb tapılmaması sorğusu ilə MTN-ə, DİN-ə və Baş Prokurorluğa müraciət etmişdi. Rəsmi cavab da almışdıq. Mən adam oğurluğu ilə məşğul olurdumsa, MTN redaksiyaya niyə rəsmi cavab yazırdı, elə məni həbs edərdi.
Asif Mərzili,
«Təzadlar» qəzetinin baş redaktoru»
|